feature image

RƏNGLƏRİN HARMONİYASI (Azərbaycan qazeti)

  • id: 2

Naxçıvanlı rəssam İlham Mirzəyev Berlində keçirilən beynəlxalq sərgidə birinci yeri tutub. Qəribə, adi çərçivələrə sığmayan təlatümlü bir insandır. Onu tanımayan ilk baxışdan müharibə iştirakçısı, hərbiçi kimi qəbul edər,  həmsöhbətinin rəssam olduğunu  ağlına da gətirməz. İlham Mirzəyevi 25 ildir tanıyıram. 80-ci illərin ortasında Naxçıvanda Şahab məhəlləsində kiçik bir emalatxanası vardı. Qəribə mövzular işləyərdi. Qaranlıqdan toxunan hörümçək torunun içindən şam işığı çırpınaraq sübhün şəfəqlərinə qovuşmağa can atardı. Onun işlərinin qarşısında saatlarla oturub yeni əsərlərin, yeni rənglərin necə gərginliklə, ritmlə kətana oturduğunu görmüşəm. Və bəzən rəssamın kətana rənglərlə hopub maraqlı əsərə çevrilən ideyanı necə qeyzlə məhv etdiyinin şahidi olmuşam. Özünə qarşı tələbkar və sərtdir. Heç vaxt ürəyinə yatmayan işə görə əlinə fırça almaz. Yaradıcılığında kimsənin məsləhət verməsi, istiqamət göstərməsi mümkün deyil. Nə yaratmaq istəyirsə, öz ağlının və dərrakəsinin gücünə yaradır. Dostluğa sədaqətlidir, təmənnasızdır. Ədalətə, azadlığa can atan ruhun sakinidir. Ölümdən qorxmur, risk etməkdən çəkinmir, məğlubiyyətlər də onu ruhdan salmır. 1992-ci ilin mayında Naxçıvanda ulu öndər Heydər Əliyevin ad günündən əvvəl də, sonra da çox ağır döyüşlər gedirdi. Bir aya yaxın orada olduq. Məni onda ən ağır döyüşlərin getdiyi Sədərəyə müşayiət edən də İlham Mirzəyev idi. O, ölüm yolunu da təbəssümlə, zarafatla getməyi bacarırdı. Cəbhə müxbirini müşayiət edəndə onun yanında axıra kimi qalmaq təhlükəlidir. Döyüşün gözlənilməz anları olur və heç vaxt getdiyin yolu salamat qayıdacağına ümid edə bilmirsən. Ona görə də səngərə tək girmək lazımdır. Sədərəkdə nə qədər istəsəm də, İlham məni tək qoymadı. Gedəndə asan olmadı, bir-iki dəfə ölümlə üzləşdik. Qayıdanda da, tapşırıldığı kimi, gecə maşının faralarını söndürüb gəlirdik ki, erməni snayperləri bizi vura bilməsinlər. Hər tərəf zülmət qaranlıq idi, çətinliklə yolu qarasına tutub gedirdik. Birdən təəccübləndik ki, təkərlər fırlansa da, spidometr sürəti göstərsə də, deyəsən, maşınımız getmir. Sən demə, İlhamın "zapı"sı qum topasının üstünə dırmaşdığından təkərləri də göydə fırlanırmış. İkimiz də artıq müharibə gördüyümüz üçün özümüzü itirmədik, qaranlıqda erməni snayperlərinin nişan ala bilməyəcəyi tərəfə keçib maşını özümüzə qalxan elədik. Gücənə-gücənə, söyə-söyə maşını itələyib düz yola çıxardıq. Bir tonluq "zapı"nı yolun ortasına tökülən qum topasının üstündən aşırıb heç nə olmayıbmış kimi yolumuza davam etdik. Naxçıvana qayıtdıq. Onda yol boyu İlham Naxçıvanda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgidən danışdı: - Keçən il (1991-ci ildə) Naxçıvanda 20 Yanvar faciəsinin bir illiyinə həsr olunmuş sərgiyə Heydər Əliyev də gəlmişdi. Naxçıvanın ən soyuq, ən şaxtalı vaxtı idi. Heydər Əliyev Azərbaycan rəssamları, onların uğurları haqqında danışdı. Sərgilənən rəsmlərlə tanış olanda mənim "Palitranın faciəsi" adlı işimin qarşısında ayaq saxladı. Öz emalatxanasında güllələnən rəssamı təsvir etmişdim. Bu səhnəni tabloya çilənən qanın fonunda o qədər də nəzərə çarpmayan başsız, qalstuklu adam izləyirdi. Heydər Əliyev məndən soruşdu ki, bu Qorbaçovdurmu? (Təəssüf ki, bu iş oğurlandı). Mən Qorbaçovu elə işləmişdim ki, hər adam onu tanıya bilməzdi, adi tamaşaçı üçün o heç tabloda görünmürdü. Amma ulu öndər qeyri-adi insan idi. Onun belə siyasi məqamları nəzərdən qaçırması mümkün deyildi. Aramızda çox qısa məsafə var idi. O danışanda gözlərinin ifadəsi mövzuya uyğun dəyişirdi. Bir neçə dəfə baxışlarımız qarşılaşdı. Onun adi adamlardan nə qədər fərqləndiyini anladım. İnsanın mahiyyətini o saat duyan, hadisələrin inkişafını görən, qlobal prosesləri istiqamətləndirə bilən müdrik gözləri var idi. O vaxtlar Naxçıvan çətin günlərini yaşayırdı və mən onun gözlərinin dərinliyində böyük insanın çiyinlərinə aldığı yükün ağırlığını, məsuliyyətini sezdim. Baxışları, bütün çətinliklərə baxmayaraq, nikbin, cəsur və qətiyyətli idi. O, son məqsədini aydın gördüyü üçün gözləri gülümsəyə bilirdi, düşmənə qarşı baxışlarında qəzəb və barışmazlıq var idi. Yaşına görə isə müdrik və mərhəmətli idi. Ulu öndərin rəsminə İ.Mirzəyev yalnız 18 ildən sonra qayıda bildi, onun portretini işlədi: - Mənə onun böyüklüyünü və əzəmətini dərk etmək üçün 20 ilə yaxın vaxt lazım gəldi. Rəssam 1965-ci ildə Naxçıvan şəhərində anadan olub, 1984-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib (indi liseydir). 1991-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri ilk dəfə 1992-ci ildə Naxçıvanda, sonra isə 1993-cü ildə Bakıda "Abşeron rəngləri" qalereyasında təşkil olunub. İlham uzun müddət sərgilərdə iştirak etməsə də, bəzən illərlə fırçadan aralı düşsə də, yenə rənglər aləminə qayıdıb, yenə yaratdığı tabloların təsirinə düşüb. İlhamı dost saysam da, gənclik işlərini maraqla izləsəm də, son əsərlərini başa düşməkdə çətinlik çəkmişəm. Özünə də 25 il bundan qabaq olan hadisəni danışırdım ki, riqalı jurnalist Mariss Anderson Bakıdan olduğumu biləndə uşaq kimi sevinmişdi ki, Vaqif Mustafazadənin yerlisi ilə tanış olub. Mən ondan soruşanda ki, Vaqif Mustafazadə kimdir? Marissin heyrətdən gözləri bərəlmişdi. O, Vaqifin vallarını tapıb gətirsə də, mənə cazı başa salmaq üçün bir neçə il əlləşsə də, heç nəyə nail ola bilmədi və bir onu dedi ki, mən Vaqifi başa düşməyən adamla yoldaşlıq edə bilmərəm. İlhamın portretləri həddən ziyadə maraqlı olsa da, onun eksperimental yaradıcılığını başa düşmək mənə çətin olub. Ona bir dəfə "İlğım" adlı povestin süjetini danışdım. İlham ilk məhəbbətini unuda bilməyən, ömrü boyu onu yuxularında və reallıqda axtaran bir insanın taleyini dinlədi, heç nə demədi. Sonra isə məni "İlğım" adlı silsilə əsərləri ilə tanış etdi. Mən elə bilirdim mütləq rəssam dostum orada insan iztirabları, sevginin axtarışları və uğursuzluqları ilə bağlı yuxular işləyəcək, dəqiq portretlər yaradacaq. Lakin bütün tablolarda bəyaz yelkənli saysız-hesabsız qayıqlar vardı. Heyrətləndim və bir qədər də tutuldum ki, ay İlham, bəs sevgi, portretlər, yuxu elementləri, adamların iztirabları hanı? O mənə baxdı, əsəbiləşdi: - Mən kiminsə əsərinə illüstrasiyalar işləməli idim? Reallıqda heç nə olmayıb, baş verməyən hadisələr, yalnız bir adamın içindən keçən sıxıntılar yerlə göy arasında üzən yelkənli qayıqların ilğımından artıq görüntü deyil. İlhamın bütün əsərlərini internetlə Azərbaycanın hüdudlarından kənarda yaşayan tanışlarıma göndərdim. Gözləmədiyim cavablar gəldi, hamını onun yaradıcılığındakı rənglərin harmoniyası heyran qoymuşdu. Bu cavabların arxasınca xəbər tutdum ki, ötən il onun "Sivilizasiya" adlı triptixi, "İlğım" və "Sakitlik" tabloları Moskvada keçirilən Rusiya incəsənət həftəsinin Moskva Rəssamlar Evində təşkil edilən sərgisinə qoyulub və rəssamın bütün işləri təşkilatçılar tərəfindən diplomlarla təltif edilib. Ukraynada, Kiyev şəhərində 2010-cu ilin Payız sərgisində də İlham iştirak etdi. Sevincimi tanışlarımla bölüşəndə onlardan biri yuxarıdan gələn ironiya ilə dedi ki, Moskva da, Kiyev də boş şeydir, gərək beynəlxalq arenaya, Avropa sərgilərinə çıxasan. Bir neçə gün bundan əvvəl "Germanartweek" saytında Berlində keçirilən Slavyan mədəniyyəti günləri haqqında məlumatla tanış oldum. Sayt Almaniyada keçirilən incəsənət həftəsi haqqında məlumat yerləşdirmişdi. Burada eyni zamanda beynəlxalq rəngkarlıq müsabiqəsinin qaliblərinin adları elan olunmuşdu. İlham Mirzəyevin adı iki nominasıya üzrə qalıblərin sırasında çəkilirdi. Abstrakt rəngkarlıq nominasiyası üzrə "Rənglərin harmoniyası" əsəri birinci yeri, dini və ezoterik rəngkarlıq nominasiyası üzrə isə "Təmizliyin faciəsi" əsəri ikinci yeri almışdı. İlhamı təbrik edəndə minnətdarlığını bildirdi və gülümsəyərək dedi ki, axı mənim yaradıcılığımı bəyənmirdin, sən nəyə sevinirsən? "Ona sevinirəm ki, mənim başa düşmədiyim əsərlərə Moskvada, Kiyevdə, Berlində qiymət verdilər. Dost dostun uğuruna sevinməlidir", - dedim. İlham Mirzəyevin özü isə işlərinin başqa ölkələrin rəssamları ilə bir zaldan yanaşı asılmasını fərdi müqayisə aparmaq, üçün vacib sayır. Rəssamın sonuncu uğuru, demək olar ki, bir çox beynəlxalq sərgilərin qapılarını onun üzünə açır. Moskvalı jurnalist Əliş Əvəz yazır ki, Moskva sərgisində İlhamın işlərinə baxa bilməsə də, internetdə onun əsərləri ilə yaxından tanış olub. Bu işlərin qeyri-adiliyi ondadır ki, rəssam adi rənglərin dili ilə gərgin dramatik situasiyalar yarada bilir, rənglərin bir-biri ilə uzlaşmayan, qovuşmayan və bəzi məqamlarda dərk olunması çətin olan sintezindən unikal harmoniyaya keçidlər yaradır. Eyni zamanda, rəssamın yaradıcılığında xristian mədəniyyətinin bəzi izləri də sezilir. Moskva jurnalistlərindən Andrey Redkin İlhamın yaradıcılığının yüksək və çılğın bədii fantaziyadan bəhrələndiyini qeyd edir. İlham üçün kətanı çərçivəyə çəkib molbertə qoymaq, yeni işə başlamaq fantastik, ayrı bir dünyaya adlamaq qədər ciddidir: - Beynimdə dəqiq mövzu olur, bütün rəngləri, çalarları görürəm və təxəyyülümdə işin son variantı da hazır olur, lakin yaradıcılıq prosesində rənglər əlimdən qurtulub kətana qovuşduqca mövzu istiqamətini dəyişir, mənə itaət etmir, tabloda başqa bir dünya yaranır. Beynimin fantaziyaları ilə molbert arasında bəzi məqamlarda sadəcə vasitəçi oluram. Tabloya heç kim sahiblik, ağalıq edə bilməz. Əksinə, beynimdə rənglər təlatümə gəldikcə, iradəmdən daha çox fırçadan asılı oluram. İlham Mirzəyev üçün yaradıcılıq nisbidir. Orada əbədi yüksəliş və istedadın sonsuz qələbələrinin hamı tərəfindən etiraf edilən təntənəsi yoxdur: "Heç bir yaradıcılıqda mən zirvə görmürəm. Hər işin öz zirvəsi olur. Başa vurursan, tablodakı və beynindəki rənglərin təsirindən azad olanda yorğunluğunla yanaşı ani sevinc hisləri keçirirsən. Sonra yeni narahatlıqlar, yeni mövzular ruhunda baş qaldırır və yenidən bu yükdən də azad olmaq üçün molbertin qarşısında rənglərlə görüşə gəlirsən". İlham Mirzəyev, adətən, fırçadan yalnız portretləri işləyəndə istifadə edir, qalan vaxtı mastixinlə - rəssam malası ilə çalışır. Belə hesab edir ki, mastixin ona ürəyi istəyən çalarları yaratmaqda fırçadan daha doğma, daha yaxındır. Hər rəssamın öz dəst-xətti, rənglərin yalnız özünəməxsus harmoniyası olmalıdır. İlham da belə hesab edir ki, kiməsə bənzəməli deyil, özünü axtarmalı, öz üslubunu tapmalıdır. Şüurunun dərinliklərində şahə qalxan rənglərin dalğalarını fərdi yaradıcılığının sahillərinə - tabloya çıxarmalıdır. Rəssam təxəyyülünü və həyəcanını ruhunun ritminə uyğun kətana həkk etməlidir. Özü belə deyir: - Neopolitan rənglərə üstünlük verirəm. Daha harmonik çalarlardır, mənə yaxındır. Mastixinlə işləyəndə rənglər daha saf alınır, kirli, məni diksindirən çalarlardan azad oluram, daha sərbəst oluram, işimdən daha böyük zövq alıram. O, təbiətən həlim insan deyil, həyatın çətinliklərdən, məhrumiyyətlərdən keçməsinə yaxşı bələddir. İtkiləri və tapıntıları onu ekiz qardaşlar kimi daim qoşa izləyib. Ona insan ömrünün sürprizlərdən ibarət olmaması, çətinliklərin və sıxıntıların bayramları üstələməsi yaxşı məlumdur. Çox danışmağı xoşlamır, yaradıcılığın xırdalıqları haqqında peşəkar söhbətlərdən diksinə də bilər. Bununla bağlı yadıma Stepan Erzya adında bir heykəltaraş düşür. Onu ötən əsrin əvvəllərində Bakıya dəvət edirlər, Azərbaycanda heykəltaraşlıq akademiyasını yaratmağı tapşırırlar. Bir qədər vaxtdan sonra yoxlayanda görürlər ki, Erzya tələbələri yığıb heykəl yonmağı, hazırlamağı öyrədir. Maraqlananda görürlər ki, Erzya mühazirələr oxumur, seminarlar keçmir, yalnız emalatxana üslubunda işləyir. Beləcə də Bakıda heykəltaraşlıq akademiyasının sonrakı fəaliyyətinə xitam verilir. Azərbaycandan gedən Erzya Sovet İttifaqında da yaşaya bilmir, Avropaya yola düşür, Milanda məşhurlaşır, Argentinada isə kvebraço ağacından bütün dünyanı heyrətə salan şah əsərlərini yaradır və yalnız ömrünün sonunda Sovet İttifaqına dönür. Naxçıvanın kəskin kontinental iqlimi burada doğulub boya-başa çatan İlhamın çılğınlığında özünü büruzə verib. O, Erzyadan fərqli olaraq, öz vətənini və bu vətəndə kəşf etdiyi rənglərin harmoniyasını sonsuz bir məhəbbətlə sevir. 

B.İMANQULİYEV 
Azərbaycan qazeti. 
20 mart 2011 
Səh-4.