feature image

Duyğu və şövqün bədii təzahürü; İlham Mirzəyev yaradıcılığı…

Bu gün müasir sənət perspektivinin əsasını təşkil edən mücərrəd ifadə tərzi, duyğu və şövqün abstraksiyasına çevrilərək, XX əsrin bədii estetikasında mübahisəsiz bir şəkildə möhkəm qərar tutmaqdadır. Bir sözlə, incəsənət bütün üsulları, bütün bədii imkanları və hiylələri ilə elə bir masştabda kombinə olunaraq, təqdim olunur ki, bu zaman hər bir bədii predmet reallıq ilə mücərrədliyin arasında mövcud olan gec-tez pozulacaq incə bir tarazlığı təmsil edir. Usta sənətkar İlham Mirzəyevin yaradıcılığında da biz bu maraqlı nüanslara təsadüf edirik. Rəssama aid olan hər bir kompozisiyada kövrək bir aura var…Hər bir əsər müasir, hətta ultra müasir xüsusiyyətləri ilə seçilir. Karyerası boyunca fiqurasiya və abstraksiya arasında axıcı şəkildə qabaqlaşan rəssam, yalnız bədii hisslərinin diktəsində öz ilahi duyğularını kətan üzərində faş edir. Forma və məzmun komponentlərinin yeni və orijinal ifadə tərzinə malik rəssam İlham Məhərrəm oğlu Mirzəyev 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyan rəssam, bugünə kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqdadır. O, yaradıcılığında quruluşçu rəssam kimi fəaliyyət göstərmiş, Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuş, türk yazıçısı Əziz Nesinin “Taxtalı köydən məktublar” səhnə əsərini tərtib etmişdir. Rəssamın bir çox fərdi sərgiləri həm ölkəmizdə, həm də xarici qalereyalarda müvəffəqiyyətlə təşkil olunmuşdur. Təsviri sənətimizə yüksək əyarlı sənət nümunələri bəxş edən fırça ustası İlham Mirzəyevin kompozisiyaları öz kökləri etibarilə ənənələrə bağlı olsa da, onlar müasirliyi qabarıq şəkildə özlərində təzahür etməkdədir. İlham Mirzəyevin təbiəti kətan üzərində mücərrədləşir, hər bir elementi rənglərdən və xətlərdən ibarət motivlərə çevrilir. “Xəzərin sirləri”, “İlğım”, “Payıza doğru”, “Fəsillərin harmoniyası”, “Sakitlik”, “Mənzərə”, “Bağda-yay”, “Atılmış cənnət” seriyasından “Abşeron motivi”, “İstiyə doğru”, “Bürkü-isti” kimi yağlı boya texnikasında həll etdiyi sənət nümunələri məhz bu qəbildəndir. İlham Mirzəyev yaradıcılığı güclü məzmun və emosiyaya malik, geniş kolorit seçimi, istər fəlsəfi, istərsə də bədii-estetik baxış tərzi ilə fərqlənir. Sənətkarın kompozisiyalarına daxil etdiyi hər bir predmet, gizli mənaları, mistik auranı özündə pərdələyərək simvollara bürünüb, bəzən isə kiçik xəttatlıq elementləri ilə daha da zənginləşir, yeni bir məna qazanır. Buna nümunə olaraq, “Kəhrabalı şərqə doğru”, “O, hər yerdədir…”, “Gözmuncuğu” kimi qiymətli əsərlərin adını çəkə bilərik. Yaradıcı insanın improvizasiya edə bilmə bacarığı, özünün də qeyd etdiyi kimi “müəllif texnikası”ndan istifadə etməsi, olduqca mürəkkəb və estetik tablolarının sirrini cuzi də olsa bizə bəyan edir. Üfüqi fırça vuruşları, sıx rəng qatlarındakı gərginlik, ritm, işıq-kölgə oyunu, lüminessent və dumanlı fon kimi maraqlı və müxtəlif xüsusiyyətlər rəssamın bədii gözəllik axtarışında olduğunun bariz nümunəsidir. İlham Mirzəyev də təsviri sənət naminə gözəlliyin və harmoniyanın eterik və sehrli aspektini vurğulaya bilən mahir sənətkarlardan biridir. “Rənglərin plastikası”, “Gözəlliyin sirləri”, “Gözəlliyin plastikası”, “Rənglərin yarışı”, “Güllərin qurşağı” kimi sənət nümunələrində rəssamın məhz incə zövqü və ahəngdar rəng duyumu məharətlə əks olunmuşdur. Silsilə əsərlərə, diptix və triptixlərə bədii fəaliyyətində genişcə yer verən sənətkarın “Mələyin gözlənilməsi”, “Keçmişimiz, dünənimiz, bu günümüz”, “Kainatın sirləri”, “Xəzərin damcıları”, “Sivilizasiya-2”, “Sinesteziya”, “Vernisaj”, “İşıq və enerji”, “Kainatda genetika”, “Nəzər nöqtəsi”, “Anaların cənnəti”, “Pandemiya-Balansın bərpası”, “Antik büstlər”, “Salvador Dali xatirəsinə”, “Möcüzə”, “Zərrə”, “Uçuş”, “Ziddiyyət”, “Polifoniya. Yeni Era” kimi triptixləri, “Fəsillərin melodiyası” isimli poliptixi mövcuddur. Usta rəngkarın püxtələşdiyi və uğur qazandığı ən önəmli janr – portret janrıdır. Portretini çəkdiyi şəxsiyyətlər arasında mərhum lider Heydər Əliyev, Ali Baş Komandan İlham Əliyev ,Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva həmçinin Türkiyə Prezidenti R.T. Ərdoğan, rəssam Fərman Qulamov, Hacı Böyükxanım, öz yaxın adamları Mahir, Mahmudun da portretləri yer almaqdadır. Onların içərisində sadəcə bir şəxsiyyət var ki, onun portreti ilk baxışdan izləyicinin nəzərini özündə cəmləyə bilir. Bu portret ustad şəxsiyyətə, böyük şair Şəhriyara aiddir. Onun öz diliylə desək, qəmli bir ömür sürmüş, əhlibeyt şairimiz Məmmədhüseyn Şəhriyarın obrazı ustalıqla təsvir olunmuşdur. Rəssam məğrur təbiətli, qəlbi də vətəni tək yaralı olan, dərdli şairi zərif işıq və kölgə texnikası ilə olduqca dramatik şəkildə təqdim etmişdir. İlham Mirzəyevin natürmort rəsmləri öz ənənəviliyi ilə bərabər müasirliyini də özündə təcəssüm etdirir. Meyvələri, çiçəkləri və müxtəlif formalı qabları eyni kompozisiyada ustalıqla kombinə edən rəssam hər hansı bir tematik uyğunluğu izləmək əvəzinə, daha çox formal və mücərrəd biçimin harmoniyasına diqqət ayırır. Bəzən müxtəlif rənglərdən, bəzən də eyni rəngin fərqli çalarlarından “dominant ton” kimi istifadə edən rəssamın yaratdığı perspektiva abstraktlaşdırılmış formada icra olunur. Ən maraqlı natürmort janrında həll olunan əsərlər arasında “Durna çırağı”, “Balaca masa”, “Boz fonda natürmort”, “Vaxtdır”, “Narlar”, “Nar ilə natürmort”, “Günəşli gün”, “Emalatxanada”, “Ağ güllər”, “Köhnə tor”, “Modern natürmort”, “Kofe”, “Muğam axşamı”, “Yay natürmortu”, “Emalatxanada yay” tablolarının adlarını çəkmək olar. Doğma yurdun cənnət guşələrini də kətan üzərində əbədiləşdirməyi unutmayan rəssamın “Arazın yazı”, “Naxçıvanda yaz”, “Şamaxı-Qızmeydan”, “Payız xəzrisi”, “Yurdumun yazı” “İlanlı dağ”, “Ağrı dağı”, “Qələmə ağacları”, “Sahildə”, “Qız qalası” “Ay işığında gavalı ağacları” kimi əsərləri bu baxımdan olduqca maraqlı və gözəldir. Yurdunu tərənnüm etməkdən bezib-usanmayan rəssamın sulu boya texnikasında da təsvir etdiyi maraqlı peyzaj nümunələri vardır. Beləki, “Şəhər şamları”,”Şamaxı”, “Dağ yolu”, “Bayraq meydanı”, “Xəzərin payızı”, “Bayıl”, “Bibiheybət məscidi”, “Bakı”, “Fırtınalı dəniz”, “Xəzərin şamları”, “Qoruq”, “Canım yurdum”, “Qoca meşə”,”Maral gölü”, “Culfa dağları-Mars dağları”. “Gavalı meşəsi”, “Qara dəniz-Batumi” kimi əsərlərin isimlərini sadalaya bilərik. İlham Mirzəyev olduqca vətənpərvər və türkçü ideologiyasına da sahib olan, bunu əsərlərində təqdim etməkdən çəkinməyən sənətkarlarımızdan biridir. 44 günlük müharibənin qələbə sevincini özündə daşıyan maraqlı əsər “Bir çiçəklə tanınan məmləkətim” və “Dirçəliş” kompozisiyaları rəssamın fərqli baxış bucağını özündə ehtiva edir. Vətənin güneyini də, quzeyini də bir bayraq altında görmək istəyən, vətən dərdini, nisgilini çəkən İlham Mirzəyev bu duyğularını “Cənuba doğru”, “Arazın yazı”kimi əsərlərində büruzə verir. İlham Mirzəyevin yaradıcılığını dəyərli edən bir başqa nüans isə kompozisiyalarının kökündə dayanan fəlsəfi fikirlərdir. Antik dövrün klassikasından tutmuş, kainatın ölçüsünə qədər bir çox fəlsəfi prinsip və dəyərləri incəsənətdə həvəslə birləşdirərək rəssamın bədii “kanon”unu müəyyənləşdirən individual yanaşmalar İlham Mirzəyev yaradıcılığının ən mübhəm tərəflərindən biridir. Həyatın, zamanın və gözəlliyin unikallığını müasir kontekstdə əks etdirən sənətkarın “Adəm və Həvva”, “Tanrı damcıları”, “Fasilə”, “Bu dünyada bir rəssam yaşayırdı”, “Ruhların çinarı”, “Eyforiya”,”Ağ dünyaya doğru”, “Ruhların günəşi”, “İblis ittifaqı” , “Parçalanmış Ay”, “Tavaf”, “Qavrayış”, “Şərqə pəncərə”, “Nibiru” və “Burulğan” kimi əsərlərində bütün bunları görmək, duymaq mümkündür. Sənət və estetikadan zövq alan, “ustad” adıyla müjdələnən, peşəkar rəssam İlham Mirzəyevə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu edirəm. Şübhəsiz ki, ruhunu sənətə həsr edənlər hər zaman bir addım öndədirlər... Nigar Hətəmova Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi